Fəhlə və qulluqçulara əmək haqqı verilərkən, sosialist müəssisələri dövlət bankından borc alarkən və bu borcu qaytararkən, vergilər, sığorta tədiyyələri bölüşdürülərkən, yəni alqı-satqı olmadan pul əldən-ələ keçərkən pul tədiyyə vasitəsi kimi meydana çıxır.
Pul həmçinin yığım vasitəsi də olur. Zavodlar, fabriklər, kolxozlar və sovxozlar pul gəlirlərini və müvəqqəti olaraq sərbəst qalan pul vəsaitini banklarda saxlayırlar. Bu yığımlardan və əmanətlərdən dövlət istehsalı genişləndirmək, ehtiyatlar əmələ gətirmək və başqa müəssisə və təşkilatlara vəsait buraxmaq üçün istifadə edir.
Kapitalizm cəmiyyəti ilə sosializm cəmiyyətində pulun ictimai rolu tamamilə müxtəlifdir. Kapitalizmdə pul kapitala çevrilir, fəhlələri istismar etmək aləti, özgə əməyini mənimsəmək vasitəsi olur. Sosializmdə pul kapitala çevrilə bilməz, pula fabrik, zavod, iş qüvvəsi, torpaq, elektrik stansiyası və. s almaq olmaz. Kapitalizm şəraitində pul kortəbii bazar qanunları alətidir. Sosialist dövləti puldan əmtəələrin istehsalı və bölüşdürülməsi üzərində, əmək ölçüsü və istehlak ölçüsü üzərində ən ümumi uçot və nəzarət vasitəsi kimi şüurlu surətdə istifadə edir. Sosializmdə pul əməyə görə bölüşdürmə üçün zəruri alətdir. Zəhmətkeşlər pul verib şəxsi istehlak malları alarkən ictimai məhsuldan onların sərf etdikləri əməyin miqdarına və keyfiyyətinə müvafiq hissəsini alırlar.
44