"Yoldaş" Fanzin Feyral 2017 | Page 41

Sosializmdə əmtəə-pul münasibətləri
Sosializmdə əmtəə istehsalı nəyə görə saxlanılır.
Yaşamaq üçün zəruri olan hər şeyi satın almaqdan ötrü adamlar mağazaya gedir. Zavod və fabrik öz məhsulunu satır; əldə edilən pul müəssisənin bankdakı hesabına keçirilir. Kolxoz dövlətdən kənd təsərrüfatı maşınları alır və ona taxıl, süd, ət, tərəvəz satır. Başqa sözlə, sosializmdə də istehsal məhsulları əmtəə kimi meydana çıxır, əmtəə istehsalı mövcuddur.
Bildiyimiz kimi, əmtəə istehsalının meydana gəlməsinə səbəb ictimai əmək bölgüsü olmuşdur. Bu, əmtəə istehsalının ümumi əsasıdır və bu əsas əmtəə istehsalının mövcud olduğu bütün müddət ərzində öz əhəmiyyətini saxlayır. Sosializmdə sənaye ilə kənd təsərrüfatı arasında, müxtəlif məhsul istehsal edən ayrı-ayrı müəssisələr arasında, müxtəlif peşələrdə çalışan işçilər arasında əmək bölgüsü vardır.
Əmək bölgüsü mübadilə olmasını nəzərdə tutur, lakin mübadilə hökmən alqı-satqı forması almalıdırmı? Kapitalizmdə məhsul ona görə əmtəə olur ki, əmtəə istehsalçıları bazarda xüsusi mülkiyyətçilər kimi çıxış edirlər. Sosializmdə xüsusi mülkiyyət yoxdur və əmtəə istehsalçıları ictimai mülkiyyətçi adından çıxış edirlər.
Bəs buna baxmayaraq, nəyə görə əmtəə istehsalı yenə də zəruri olur?
Əmtəə istehsalını saxlamaq zərurəti məhsuldar qüvvələrin inkişaf səviyyəsinin kifayət qədər yüksək olmamasından irəli gəlir. Məhsul mübadiləsinin əmtəə formasını itirməsi üçün maddi və mədəni nemətlər bolluğu yaradılmalı, bütün adamların tələbatı pulsuz ödənilməlidir.
39