Bizim xüsusi mülkiyyəti məhv etmək istədiyimiz sizi dəhşətə salır. Lakin sizin indiki cəmiyyətinizdə onun üzvlərinin onda doqquzu uçün xüsusi mülkiyyət məhv edilmişdir; bu xüsusi mülkiyyət məhz ona görə mövcuddur ki, cəmiyyət üzvlərinin onda doqquzu üçün xüsusi mulkiyyət mövcud deyildir. Deməli, siz bizi onda ittiham edirsiniz ki, biz cəmiyyətin olduqca böyuk çoxluğunun mülkiyyəti olmaması kimi bir zəruri şərtlə bağlı olan mülkiyyəti məhv etmək istəyirik. Bir sözlə, siz bizi onda ittiham edirsiniz ki, biz sizin mülkiyyətinizi məhv etmək istəyirik. Bəli, biz doğrudan da bunu etmək istəyirik. Siz deyirsiniz ki, əməyin daha kapitala, pula, torpaq rentasına, müxtəsər, inhisar altına alına bilən ictimai qüvvəyə döndərilə bilməyəcəyi zamandan etibarən, yəni şəxsi mülkiyyətin daha burjuaziya mülkiyyətinə çevrilə bilməyəcəyi zamandan etibarən şəxsiyyət məhv edilmiş olur. Deməli, siz etiraf edirsiniz ki, burjuadan, yəni burjua mülkiyyətçisindən başqa heç kəsi şəxsiyyət hesab etmirsiniz. Belə bir şəxsiyyət doğrudan da məhv edilməlidir.